Türkiyə superliqasında çempion son turda müəyyənləşib.

42-ci tura “Qalatasaray” və “Beşiktaş” eyni xalla başlayıblar. “Cimbom” doğma meydanda “Yeni Malatyaspor”la üz-üzə gəlib. Matçın startından qonaqları müdafiəyə çəkilməyə məcbur edən “Qalatasaray” futbolçuları 39-cu dəqiqədə əks hücumda yaxalanıblar. Adem Büyük sabiq komandasını cəzalandırıb. Fasilədən sonra təzyiqini bir qədər də artıran İstanbul klubu 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Halil İbrahim Dərvişoğlu fərqlənib. Saatın tamamında isə Rayan Babel diqqət mərkəzinə düşüb 2:1. Qarşılaşmaya əlavə olunan 2-ci dəqiqədə isə Oğulcan Çağlayan yekun nəticəni müəyyənləşdirib: “Qalatasaray” – “Yeni Malatyaspor” 3:1. Amma bu qələbə Fatih Terimin komandası üçün yetərli olmayıb. Belə ki, paralel keçirilən oyunda “Beşiktaş” İzmir təmsilçisi “Göztəpə”yə qalib gəlib. 10-cu dəqiqədə Domaqoy Vida komandasını hesabda irəli çıxarsa da, 14 dəqiqə sonra meydan sahibləri tarazlıq yaratmağı bacarıblar. Alparslan Öztürk dəqiq oynayıb. 69-cu dəqiqədə “Qara qartal” penalti vurmaq hüququ qazanıb. Rəşid Qezzal zərbəni düzgün yerinə yetirərək mübarizəyə nöqtə qoyub. Beləliklə “Beşiktaş” Super Liqa tarixində 16-cı dəfə fəxri titula yiyələnib. Sərgən Yalçın isə baş məşqçi kimi karyerasında ilk çempionluğunu əldə edib. Matçdan sonra “Beşiktaş” azarkeşləri İstanbul küçələrində çempionluğu böyük coşqu ilə qeyd ediblər.